Keçmiş adamı Qərbin "stavka"sı ilə Paşinyanın qarşısına çıxarılır?

Keçmiş adamı Qərbin "stavka"sı ilə Paşinyanın qarşısına çıxarılır? backend

"Ötən gün Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan "Avropa İttifaqı üzvlüyü illüziyası" adlı diqqətəlayiq məqalə dərc etdi. Məqalənin əsas mahiyyəti ondan ibarətdir ki, biz yanlış yolda irəliləyirik. Əgər biz Rusiyadan asılılığımızı azaltmaq, iqtisadiyyatımızı və xarici siyasətimizi şaxələndirmək istəyiriksə, Rusiyanı təhrik etməməli və qızışdırmamalıyıq".

Oxu.Az-ın xəbərinə görə, bunu Ermənistanın "Hraparak" nəşri yazıb.

"Avropa İttifaqına üzvlük prosesinə başlanılması ilə bağlı boş və heç bir əhəmiyyəti olmayan qanunu qəbul etmək lazım deyildi. Bunun əvəzinə, şüurlu addımlarla irəliləmək lazım idi. Armen Qriqoryanın fikrincə, hər belə addımdan sonra Rusiya aktivləşir və bizim ondan asılılığımız azalmaq əvəzinə, yalnız artır. Nəticə etibarilə, coğrafi mövqeyimizdən, geosiyasi reallıqlarımızdan və enerji asılılığından çıxış etməliyik. Üstəlik də Avropa İttifaqına daxil olmaq mümkün deyil, Aİ-nin özü isə bizə heç bir zəmanət verməyəcək", - deyə materialda bildirilib.

Yazıda sözügedən məqalədən bir hissə paylaşılıb:

"Əgər Ermənistanın müasir tarixinə nəzər salsaq, çox aydın və qəddar bir nümunə ortaya çıxır: hər dəfə İrəvan Qərbə doğru addım atmağa çalışdıqda, Rusiyanın daha da güclü təzyiqi ilə qarşılaşıb və nəticədə özünü Moskvanın daha möhkəm "qollarında" tapıb. 1990-cı illərdə Levon Ter-Petrosyan hökumətinin Avropa və Avro-Atlantik strukturlarına yaxınlaşmaq cəhdləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmaq, 1997-ci ildə Rusiya ilə Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanması ilə nəticələndi ki, bu da Ermənistanın Moskva ilə hərbi-siyasi əlaqələrini gücləndirdi. 2010-cu illərdə Serj Sarqsyan hökumətinin Aİ ilə Assosiasiya Sazişi imzalamaq cəhdləri 3 sentyabr 2013-cü ildə Gömrük İttifaqına qoşulmaq qərarı ilə nəticələndi və ardınca Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşuldu. Bu gün də elə bu hekayə, deyəsən, təkrarlanır, amma artıq daha təhlükəli ssenari üzrə. Aİ-yə qoşulmaq üçün danışıqlar və addımlarla yanaşı, mən Ermənistanın Rusiya-Belarus İttifaq Dövlətinə cəlb olunması təhlükəsinin artdığını görürəm. Mən özüm görürdüm ki, Aİ üzvlüyü ilə bağlı qanunun qəbul edilməsindən əvvəl Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün nə qədər çox imkanımız var idi və bu imkanlar nə qədər azalıb".

"Siyasi meydanda belə hesab edirlər ki, Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan tezliklə müxalifət sıralarına qoşulacaq. Qərb ona "stavka" edib, onu Nikol Paşinyan və onun hökuməti üzərində bir növ dəyənəyə çevirməyə çalışır. Belə bir söz-söhbət gəzir ki, 2018-ci il inqilabının fəal iştirakçılarından biri olan, lakin hakimiyyət dəyişikliyindən sonra ortadan yox olan məşhur "Restart" hərəkatı da tezliklə aktivləşəcək. Hərəkat artıq Nikol Paşinyanla görüş təşkil edib və bir neçə gənc baş nazirə kəskin suallar verib. Şayiələrə görə, Armen Qriqoryan da onların sıralarına qoşulacaq. Yaxın vaxtlarda onlar qərbyönümlü qüvvələri birləşdirməyə və Ermənistanın xarici siyasət məsələri üzrə aktiv təşəbbüslər irəli sürməyə çalışacaqlar. Lakin söhbət Aİ ilə yaxınlaşma kursundan deyil, şaxələndirilmiş modeldən gedir, bu, təxminən Britaniya modelinə uyğun olaraq, Aİ-yə qoşulmadan Rusiyanın təsir zonasından çıxmaqdır", - deyə materialda bildirilib.