Müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinə hazırlıq görülür - Zelenski

Müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinə hazırlıq görülür - Zelenski backend

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə İrlandiyada keçirilən görüşün nəticələrinə əsasən, müharibənin başlanmasından bəri ən genişmiqyaslı əsir mübadiləsinin həyata keçirilməsi istiqamətində hazırlıq aparıldığını bildirib.

 

Bu barədə Ukrayna lideri “X” sosial şəbəkə hesabında paylaşım edib.

 

Zelenskinin sözlərinə görə, tərəflər həftə ərzində keçirilən bütün danışıqların nəticələrini müzakirə etmək üçün İrlandiyada bir araya gəliblər. Görüşün ilk nəticəsi humanitar sahə ilə bağlı olub. Belə ki, əsirlərin azad edilməsi və müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinin həyata keçirilməsi gözlənilir.

 

Ukrayna Prezidenti ikinci mühüm nəticənin Avropa nümayəndələrinin diplomatik prosesdə iştirakının genişləndirilməsi olduğunu qeyd edib. Onun fikrincə, bu, Avropa təmsilçilərinə danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirak etmək imkanı yaradacaq.

 

“Ukrayna hər zaman bütün Avropanın maraqlarını müdafiə edir”, – deyə Zelenski vurğulayıb.

 

O, həmçinin yeni çoxtərəfli görüşlərin keçirilməsi üçün hazırlıq işlərinin davam etdiyini və diplomatik səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Zelenski Ukraynaya dəstək göstərən hər kəsə, intensiv müzakirələrə görə Stiv Uitkoff və Cared Kuşnerə, eləcə də Avropa Siyasi Birliyinin sammitini yüksək səviyyədə təşkil etdiyinə və danışıqlara ev sahibliyi etdiyinə görə İrlandiyaya təşəkkürünü çatdırıb.