Belqoroda dron hücumu: Ölən və yaralananlar var

Belqoroda dron hücumu: Ölən və yaralananlar var backend

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində Ukraynaya məxsus FPV-dronun avtomobilə zərbə endirməsi nəticəsində bir kişi həlak olub, Şebekino dairəsinə pilotsuz uçuş aparatlarının (PUA) hücumları zamanı isə daha dörd nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 12-də Belqorod vilayətinin operativ qərargahı "Maks" messencerində məlumat yayıb.

Bildirilir ki, Şebekinoda hücuma məruz qalan avtomobillərdən birində olan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər zərərçəkən isə başından və qolundan qəlpə yaraları alıb. Özünümüdafiə dəstəsinin üzvləri onu yerli mərkəzi rayon xəstəxanasına çatdırıblar və o, müalicəsini stasionar şəraitdə davam etdirəcək. Hadisə zamanı avtomobilə də ziyan dəyib.

Bundan əlavə, Malomixaylovka yaşayış məntəqəsində də PUA avtomobilə zərbə endirib. Qollarından və ayaqlarından çoxsaylı qəlpə yaraları alan kişi tibb müəssisəsinə yerləşdirilib. Onun sonrakı müalicə üçün vilayət klinik xəstəxanasına köçürüləcəyi bildirilir.

Nəqliyyat vasitəsinə ziyan dəyib. Daha iki qadına isə Belqorod şəhər 2 nömrəli xəstəxanasında tibbi yardım göstərilib. Onlar Şebekinoda FPV-dronların partlayışı nəticəsində yaralanıblar və müalicələrini ambulator şəraitdə davam etdirəcəklər.

QAZİLER.AZ