Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi İrəvan və Moskva münasibətlərinə hər hansı bir təsir göstərməyəcək.
Qaziler.az xəbər verir ki, bu fikri "Gazeta.ru"ya açıqlamasında beynəlxalq hüquqşünas, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin səsləndirib.
"Bizim həm humanitar, həm də mədəni sahədə əla münasibətlərimiz olub. İqtisadi, diplomatik, siyasi əlaqələrimiz var. Burada geniş bir spektr mövcuddur, bu ölkə bizə yaxındır. Bizi birləşdirən çoxsaylı məqamlar var. Buna görə də Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsinin Rusiya ilə münasibətlərə əlavə olaraq necəsə təsir edəcəyini düşünmürəm", - deyə analitik qeyd edib.
Toporninin sözlərinə görə, eyni zamanda, Ermənistan Moskva ilə Yerevan arasında münasibətlərin inkişafında qeyri-sabitlik yaradan amil olan Avropaya inteqrasiya kursundan əl çəkmir.
"Rusiya hesab edir ki, Ermənistan seçimini etməlidir. Necə deyərlər, iki stulda birdən oturmaq — həm Aİİ-də, həm də Aİ-də olmaq olmaz. Bu, son vaxtlar münasibətlərin soyumasına gətirib çıxarıb", - deyə Topornin xatırladıb.
Xatırladaq ki, noyabrın 11-də KTMT ölkələri Ermənistanı səsvermə hüququndan, eləcə də təşkilatda məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edib.
Qeyd edək ki, KTMT kollektiv təhlükəsizliyi təmin etmək məqsədilə bir neçə postsovet dövləti tərəfindən yaradılmış regional beynəlxalq qurumdur. Təşkilatın əsas məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək, eləcə də iştirakçı ölkələrin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini kollektiv şəkildə qorumaqdır.
QAZİLER.AZ

