Ukrayna Rusiya ilə müharibə başa çatdıqdan sonra 800 min nəfərlik ordusunu saxlamaq üçün ən azı 10 il ərzində maliyyə dəstəyi almağa çalışır.
Qaziler.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin atəşkəsin genişləndirilməsi təkliflərini dəfələrlə rədd edib və qoşunlarının Ukraynada hücumu davam etdirəcəyini bildirib. AFP qeyd edir ki, Rusiya nümayəndə heyətinin tərkibinə diplomat Sergey Ryabkovun daxil edilməsi Moskvanın Avropa təhlükəsizlik sisteminə yenidən baxılması tələbini ciddi şəkildə gündəmə gətirdiyinin göstəricisidir. Ryabkov hələ müdaxilədən əvvəl NATO qoşunlarının Şərqi Avropadan çıxarılması tələbini irəli sürmüşdü. Rusiya nümayəndə heyətindəki mənbə bildirib ki, müharibənin nizamlanması gündəlikdəki bəndlərdən yalnız biridir və Moskvanın əsas məqsədi "bütün qitə üçün" təhlükəsizlik sisteminə yenidən baxılmasıdır.
Öz növbəsində, Əbu-Dabidəki üçtərəfli danışıqlar öncəsi keçirilən görüşdən sonra Avropa ölkələri, Ukrayna, ABŞ və NATO "müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturasına ortaq sadiqliklərini" bir daha təsdiqləyiblər. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov Kiyevin prioritetlərinin atəşkəsin təmin edilməsi və təhlükəsizlik zəmanətləri olaraq qaldığını vurğulayıb. Bundan əlavə, Ukrayna müharibədən sonrakı dövrdə öz ordusuna dəstəyin davam etdirilməsində israr edir.
Ukraynanın yüksək vəzifəli mənbəsi AFP-yə bildirib ki, Ukraynanın gələcəkdə Rusiyanın istənilən hücumundan özünü müdafiə edə biləcək 800.000 nəfərlik ordunu saxlamaq üçün ən azı 10 illik maliyyə dəstəyinə ehtiyacı var.
QAZİLER.AZ

