İraq ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara görə İranın milli futbol yığmasının olduğu təyyarəyə Bəsrə hava limanına enməyi qadağan edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
"Təyyarə İrana qayıdaraq Abadan hava limanına enib, bundan sonra komanda quru yolu ilə Bəsrəyə gedəcək", - İranın Bəsrədəki konsulluğunun nümayəndəsi bildirib.
İran yığması Bəsrədə keçiriləcək dördtərəfli turnirdə iştirak etmək üçün İraqa gedib. Yarışda İrandan başqa İraq, Livan və Fələstin komandaları da iştirak edəcək.
İraq mülki aviasiyasının nümayəndəsi bildirib ki, ölkə ABŞ-nin İran aviaşirkətlərinə qarşı sanksiyalarını pozmaq riskinə gedə bilməzdi.
Sentyabr ayında ABŞ İran daşıyıcılarına xidmət göstərən hava limanlarına və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə hədələdikdən sonra İraq, İran aviaşirkətlərinin Bağdad hava limanına reyslərinin dayandırılması barədə göstəriş vermişdi.

