Rusiyaya məxsus üç pilotsuz uçuş aparatı (PUA) Xmelnitski Atom Elektrik Stansiyasının (AES) sabit fəaliyyətini təmin edən kritik əhəmiyyətli yarımstansiyaya zərbə endirib.
Ukrayna tərəfinin bəyanatına görə, bu addım bütün Avropanın nüvə təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Qaziler.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal "Böyük Yeddilik" (G7), Avropa İttifaqı və Şimal-Baltik səkkizliyi (NB8) ölkələrinin səfirləri ilə keçirdiyi görüşdən sonra məlumat verib.
D.Şmıqal tərəfdaşları bu gün Ukrayna ərazisinə endirilən kütləvi zərbələr barədə məlumatlandırıb. Onun sözlərinə görə, hücum zamanı Rusiya tərəfi 289 PUA, 17 ballistik və 59 qanadlı raketdən istifadə edib. Zərbələrin əsas hədəfləri yenidən energetika obyektləri — elektrik stansiyaları, həmçinin elektrik enerjisinin ötürülməsi və paylanması sistemlərinin yarımstansiyaları olub.
Ukrayna rəsmisi vurğulayıb ki, düşmən Xmelnitski AES-in sabit işi üçün həyati əhəmiyyət kəsb edən yarımstansiyaya üç PUA yönəldib: "Bu cür hərəkətlər təkcə Ukrayna üçün deyil, həm də bütün Avropanın nüvə təhlükəsizliyi üçün təhlükə yaradır. Bu, eskalasiyaya doğru atılmış ciddi adımdır və biz bu barədə artıq MAQATE-ni məlumatlandırmışıq".
Şmıqal əlavə edib ki, Ukrayna beynəlxalq tərəfdaşlarından Rusiyanın atom elektrik stansiyalarının fəaliyyətini təmin edən infrastruktura zərbələrinə qarşı müvafiq reaksiya gözləyir.
QAZİLER.AZ

