İranın dövlət televiziyası və rəsmi xəbər agentlikləri vətəndaşlar üçün mümkün nüvə hücumu zamanı davranış qaydalarını əks etdirən xəbərdarlıq videosu yayımlayıb.
Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, videoda nüvə partlayışı baş verəcəyi təqdirdə əhalinin özünü necə qorumalı olduğu və radioaktiv çirklənmə riskini azaltmaq üçün hansı tədbirləri görməli olduğu izah edilir.
Təlimatlarda vətəndaşlara partlayışın güclü işığına baxmamaq, açıq havada olduqları halda dərhal binaya daxil ola bilmirlərsə, maneənin arxasında gizlənərək yerə uzanmaq, baş və üz nahiyələrini qorumaq tövsiyə olunur. Partlayış dalğası keçdikdən sonra isə ən yaxın binaya daxil olmaq, hadisəni izləmək və ya görüntüləmək üçün dayanmamaq, avtomobildə sığınacaq axtarmamaq tapşırılır.
Binaya daxil olan şəxslərə zirzəmiyə və ya pəncərələrdən və xarici divarlardan uzaq olan mərkəzi hissəyə keçmək, qapı-pəncərələri bağlamaq, kondisioner və çöldən hava çəkən ventilyasiya sistemlərini söndürmək tövsiyə edilib.
QAZİLER.AZ

