"Bir şəxsin müxalifətçi olması onun kobud davranmasına əsas vermir. Mən zorakılığı qınayıram. Baş verən şiddətə görə məsuliyyəti müxalifət nümayəndələrinin üzərinə qoyuram".
Oxu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bu gün parlamentə baş verən insidentə münasibət bildirərkən deyib.
Ölkə lideri hadisə ilə bağlı mətbuat nümayəndələrinə açıqlamasında təmsil olunduğu siyasi təşkilatın üzvlərini haqlı hesab edib:
"Vətəndaş Sazişi" Partiyasında təmsil olunan deputatlarının addımlarını təqdir edir və onları dəstəkləyirəm. Stul və ya başqa bir vasitə ilə - bu, adekvat və düzgün reaksiyadır. Kimlərsə əl qaldırıb deputata zərbə endirə biləcəyini zənn edirsə, biz həmin əli qıracağıq, ehtiyac yaranarsa, bunu stulla da edəcəyik", - deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistan parlamentində iqtidar və müxalifət partiyalarının deputatları arasında kütləvi dava baş verib.

