İstanbulda faciə: Övladlarını xilas edən ana mikroavtobusun altında qalaraq həlak oldu

İstanbulda faciə: Övladlarını xilas edən ana mikroavtobusun altında qalaraq həlak oldu backend

İstanbulun Qaziosmanpaşa rayonunda iki uşağını məktəbdən götürərək evinə piyada gedən 41 yaşlı Canan Ərdoğan səkiyə çıxan mikroavtobusun altında qalaraq həyatını itirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə zamanı fədakar ananın mikroavtobusun onlara tərəf gəldiyini görərək övladlarını kənara itələdiyi və öz canı bahasına onları xilas etdiyi məlum olub.

Dəhşətli hadisə oktyabrın 22-si saat 16:00 radələrində Qaziosmanpaşa rayonunun Karayolları məhəlləsi, Abdi İpəkçi küçəsində qeydə alınıb.

İddiaya görə, yüksək sürətlə hərəkət edən mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı səkiyə çırpılıb. Bu zaman uşaqları ilə yol gedən Canan Ərdoğan təhlükəni vaxtında sezirək övladlarını kənara ata bilib.

Uşaqlarını xilas edən Ərdoğanı vuran mikroavtobus yol kənarındakı torpaq sahəyə çıxdıqdan sonra aşıb. Nəqliyyat vasitəsinin altında qalan ana ağır bədən xəsarətləri alıb.

Ətrafdakı insanların köməkliyi ilə mikroavtobusun altından çıxarılan yaralı üçün hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəstəxanaya çatdırılan Ərdoğan, həkimlərin bütün səylərinə baxmayaraq, dünyasını dəyişib.

Mikroavtobusun sürücüsü polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırmalara başlanılıb.

QAZİLER.AZ