Tanınmış sovet və qırğız yazıçısı Çingiz Aytmatovun kiçik bacısı, ictimai xadim Roza Aytmatova 89 yaşında dünyasını dəyişib.
Bu barədə oktyabrın 26-da yazıçının adını daşıyan fonddan məlumat verilib.
"Böyük kədər hissi ilə bildiririk ki, Roza Aytmatova 89 yaşında vəfat edib. Roza Törökul qızının işıqlı xatirəsi qəlblərimizdə əbədi yaşayacaq", — deyə fondun sosial şəbəkə hesabında paylaşılan bəyanatda qeyd olunub.
Roza Aytmatova Qırğızıstanda apardığı ictimai və maarifçilik fəaliyyəti ilə geniş tanınıb. Fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə malik olan Aytmatova, həmçinin ölkənin əməkdar təhsil işçisi fəxri adına layiq görülmüşdü.
Onun fəaliyyətində Aytmatovlar ailəsinin mədəni irsinin qorunub saxlanılması xüsusi yer tuturdu. Roza Aytmatova böyük qardaşı Çingiz Aytmatovun əsərlərinin təbliği, onun həyat və yaradıcılıq yolunun gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər görmüşdü.
QAZİLER.AZ

