Rusiya döyüş meydanında əldə edə bilmədiyi məqsədlərə Ukraynaya təzyiq göstərməklə nail olacağına inandığı müddətdə ciddi danışıqlara hazır olmayacaq. Buna görə də təcavüzkara qarşı təzyiqi saxlamaq və daha da gücləndirmək lazımdır.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə istinadən RBC-Ukrayna məlumat yayıb. Nazirinin açıqlaması Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən dərc olunub.
Sibiqanın sözlərinə görə, Rusiya Ukraynanı kapitulyasiyaya məcbur etməklə, döyüş meydanında əldə edə bilmədiyi məqsədlərinə çatacağına inandığı müddətdə ciddi danışıqlara hazır olmayacaq.
Onun fikrincə, məhz buna görə, müharibəyə son qoymaq üçün Rusiyaya qarşı təzyiqi saxlamaq və gücləndirmək həlledici əhəmiyyət kəsb edir.
"Güc vasitəsilə sülh – işə yarayan yeganə strategiyadır. Lakin bu güc müdafiə olunan ölkəyə deyil, təcavüzkara qarşı yönəldilməlidir", – deyə nazir vurğuladı.
"Bu müharibəni Ukraynanın müqavimətini dayandırmaqla bitirmək mümkün deyil. Ona yalnız təcavüzkarın hücumlarını dayandırmaqla son qoymaq olar", – deyə o əlavə etdi.
QAZİLER.AZ

