Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən azad edildiyi barədə iddia yayılıb. Məlumat onun Azərbaycandakı məktəbli geyimi qaydaları ilə bağlı çıxışının doğurduğu müzakirələr fonunda gündəmə gəlib.
Moderator.az xəbər verir ki, Türkiyənin sosial media məkanında Saralın artıq vəzifədən çıxarıldığı iddia olunur.
Saralın adı bundan əvvəl də Ankara–Bakı münasibətləri barədə xəbərlərdə çəkilib. “Sözcü”nün oktyabrın 20-də “Middle East Eye” nəşrinə istinadən yaydığı məlumatda Azərbaycan tərəfinin onun vəzifədən çıxarılmasını istədiyi irəli sürülüb. Həmin məlumat da rəsmi bəyanata deyil, mənbələrin söylədiklərinə əsaslanan iddia kimi təqdim olunub.
Müzakirələr Saralın Azərbaycanda başörtülü şagirdlərin təhsil hüququnun əngəlləndiyini söyləməsindən sonra başlayıb. Onun Azərbaycan dövlətinin ünvanına təhdid dolu çıxışları ölkəmizdə xoş qarşılanmamışdı.
Beləliklə, Saralın vəzifədən çıxarılmasının istənilməsi, mümkün istefası və artıq işdən azad edilməsi barədə xəbərlər Türkiyə mediasını başına götürüb. Qarşıdakı dəqiqələrdə daha dəqiq məlumat yayılacaq.
https://www.trhaber.com.tr/gundem/oktay-saralin-gorevden-alindigi-iddia-edildi-h993057.html

