Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Ramona Krasovska Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz bildirilib.
Qaziler.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə oktyabrın 21-də Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Rusiya tərəfinin kəskin etirazına Riqa rəhbərliyinin Rusiyanın Latviyadakı səfirliyinin konsulluq şöbəsi nəzdində fəaliyyət göstərən sosial təminat şöbəsinin bütün əməkdaşlarının işdən çıxarılması tələbi səbəb olub. Rusiya XİN-i bəyan edib ki, bu addım Latviyada yaşayan təxminən 6 min rusiyalı hərbi təqaüdçünün və onların ailə üzvlərinin pensiya təminatını, eləcə də sosial müdafiəsini ciddi təhlükə altına qoyur.
Rusiya tərəfi həmçinin vurğulayıb ki, Latviyanın bu hərəkətləri hərbi təqaüdçülərin hüquqlarını tənzimləyən 1994-cü il tarixli hökumətlərarası sazişin müddəalarını birbaşa pozur.
Görüşün sonunda Latviya diplomatına mövcud beynəlxalq razılaşmalara əməl olunması tələbi ilə bağlı rəsmi diplomatik nota təqdim edilib.
QAZİLER.AZ

