Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə etdiyi paylaşımda hakim "Gürcü arzusu" partiyasının keçirdiyi daxili sorğuya əsasən, reytinqinin İvanişvili və Kobaxidzenin elektoral reytinqi ilə bərabərləşdiyini qeyd edib.
Qaziler.az-ın "qruziya onlayn"a istinadən məlumatına görə, Sabiq dövlət başçısı bildirib ki, 2012-ci ildən bəri ilk dəfə olaraq onun reytinqi hakimiyyət nümayəndələri ilə eyni səviyyəyə (hər iki tərəf üçün 35–36%) yüksəlib. Saakaşvilinin sözlərinə görə, digər müxalif partiyaların heç biri hətta 3 faizlik baryeri belə keçə bilmir.
O, digər müxalifət qüvvələrini kəskin tənqid edərək, onların diktaturaya qarşı mübarizə aparmaq əvəzinə, onunla qarşıdurmanı əsas prioritet seçdiklərini vurğulayıb. Saakaşvili bu səbəbdən mövcud müxalifətin "ikinci əl" (second-hand) müxalifətə çevrildiyini idda edib.
Keçmiş prezident həmçinin Beynəlxalq Respublika İnstitutunun (IRI) müxalifətə müraciət edərək "yeganə şanslarının Saakaşvili ilə birləşmək olduğunu" bildirdiyini diqqətə çatdırıb.
QAZİLER.AZ

