Sentyabrın sonundan etibarən Rusiyanın bir çox regionlarında canavarların yaşayış məntəqələrinə axını kəskin şəkildə artıb.
Qaziler.az "SHOT" Telegram kanalına istinadən verdiyi məlumata görə, ac yırtıcılar evlərə yaxınlaşır, mal-qaranı və ev heyvanlarını tələf edir, həmçinin insanlara hücum edirlər. Hadisələr nəticəsində artıq ən azı dörd nəfər xəsarət alıb.
Məlumata görə, vəhşi heyvanlar Leninqrad, Moskva, Sverdlovsk vilayətlərində, Kuban və Zabaykalyedə, həmçinin Yekaterinburg və Tümen şəhərlərində qeydə alınıb.
Xüsusilə Moskva ətrafındakı Taldom, Dmitrov, Serpuxov və Şatura rayonlarından sakinlərin şikayətləri kəskin çoxalıb.
Yırtıcılar fərdi yaşayış sahələrinə daxil olur, yollarda dolaşır və yemək axtarırlar. Kubanın Veselı xutorunda canavarlar bir həftə ərzində iki buqanı parçalayıblar. Başqırdıstanın Mejqorye şəhərində isə vəziyyət daha acınacaqlıdır; yerli sakinlərin sözlərinə görə, canavarlar küçələrdə və uşaq meydançalarında sərbəst gəzir, evlərə girərək heyvanları öldürürlər. Artıq həmin ərazidə demək olar ki, bütün pişik və itlər yoxa çıxıb.
Yırtıcılar insanlara da hücum edir. Sentyabrın sonlarında Zabaykalye ərazisindən olan bir çoban evinin qapısının ağzında canavarla mübarizə aparmalı oldu.
QAZİLER.AZ

