Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist kimdir?

Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist kimdir? backend

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi barəsində cinayət işi başlayıb.

O, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların yayılmasında ittiham olunur. Çiftçi barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib.

Trend beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Celal Çiftçinin kimliyi, peşəkar fəaliyyəti və ona qarşı irəli sürülən ittihamlarla bağlı məlumatları araşdırıb.

Celal Çiftçi Türkiyənin Şanlıurfa şəhərində fəaliyyət göstərən jurnalistdir. O, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı kimi tanınır.

Celal Çiftçi 1975-ci ildə anadan olub və Türkiyənin yerli media mühitində, xüsusilə Şanlıurfa bölgəsində fəaliyyət göstərən mətbuat qurumları ilə əlaqələndirilir. O, həmçinin Anadolu Basın Birliyinin rəhbərliyində təmsil olunur.

Anadolu Basın Birliyinin rəsmi internet səhifəsində Celal Çiftçi təşkilatın sədr müavinlərindən biri kimi göstərilir. Şanlıurfa Olay qəzetinin nəşr məlumatlarında da onun media qurumunun idarəçiliyindəki rolu əks olunub.

Çiftçinin fəaliyyəti Türkiyənin yerli mətbuatı ilə məhdudlaşmayıb. O, jurnalist təşkilatının nümayəndəsi kimi də ictimai çıxışlar edib.

Celal Çiftçinin fəaliyyəti barədə Türkiyə mediasında və jurnalist təşkilatlarının internet səhifələrində müxtəlif məlumatlar dərc olunub.

2016-cı ildə “Şanlıurfa Olay” qəzetinin nəşrinin 12-ci ilinə daxil olması ilə bağlı yayımlanan materialda Çiftçi Olay Medya qrupunun idarə heyətinin sədri kimi təqdim edilib.

2022-ci ildə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Şanlıurfa üzrə nümayəndəliyinin əməkdaşları onu ziyarət ediblər. Həmin vaxt yayımlanan məlumatda Çiftçi davamlı mətbuat vəsiqəsi sahibi və “Şanlıurfa Olay” qəzetinin imtiyaz sahibi kimi təqdim olunub.

2026-cı ildə isə Anadolu Basın Birliyinin sədr müavini kimi açıqlamaları dərc edilib. İyul ayında təşkilatın internet səhifəsində jurnalistlərə qarşı təhdidlərlə bağlı onun mövqeyi yayımlanıb.

Bununla yanaşı, 2026-cı ilin iyununda İYİ Partiyasının sözçüsü və sədr müavini Buğra Kavuncunun Celal Çiftçiyə baş çəkməsi barədə məlumat dərc olunub. Xəbərdə görüş zamanı Türkiyənin siyasi gündəmi və Şanlıurfanın regional məsələlərinin müzakirə edildiyi bildirilib.

Bununla belə, Çiftçinin doğum yeri, təhsili və jurnalistikaya başladığı tarix barədə açıq mənbələrdə ətraflı və tam təsdiqlənmiş bioqrafik məlumat yoxdur.

Azərbaycanın Baş Prokurorluğunun məlumatına əsasən, sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması ilə bağlı araşdırmalar aparılıb.

Araşdırma zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarından sonra dini radikalizm məzmunlu materialların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış məzmunun təkrar yayıldığı, eləcə də radikal məzmunlu başlıqlar altında çağırışların edildiyi müəyyənləşdirilib.

Toplanmış materiallar əsasında 16 oktyabr 2026-cı ildə Azərbaycan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə cinayət işi başlanıb:

281.2-ci maddə – Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların təkrar törədilməsi;

283.2.1-ci maddə – dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması;

167-3.1-ci maddə – dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması.

İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun məlumatında Celal Çiftçinin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyi, barəsində qiyabi həbs qətimkan tədbirinin seçildiyi və beynəlxalq axtarış elan olunduğu bildirilib.

Baş Prokurorluğun açıqlamasına görə, Celal Çiftçi və digər şəxslərlə bağlı zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir.

Eyni zamanda, beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.

Hazırda istintaq çərçivəsində materialların məzmununun, hazırlanması və yayılması hallarının, eləcə də cinayət işi üçün əhəmiyyətli digər faktların obyektiv, tam və hərtərəfli araşdırılması davam etdirilir.

Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması məqsədilə vətəndaşları dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.