Türkiyənin Muğla bölgəsinin Fethiye rayonunda bədbəxt hadisə baş verib: Rusiyalı paraşütçü qayalıqlara çırpılaraq həlak olub.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Muğla vilayətinin dünyaca məşhur yamaç paraşütü mərkəzi olan Babadağda təlim uçuşu keçirən 37 yaşlı Rusiya vətəndaşı Aleksandr K. təkli uçuş zamanı idarəetməni itirərək qayalıq əraziyə yıxılıb və hadisə yerində dünyasını dəyişib.
Sıldırım qayalıqlara enən xilasedicilər pilotun həlak olduğunu müəyyən ediblər. Aleksandr K.-nın cəsədi çətin relyefli ərazidən çıxarılaraq Fethiye Dövlət Xəstəxanasının morquna yerləşdirilib.
Məlumata görə, rusiyalı turist yamaç paraşütü uçuş təlimi almaq üçün rayona gəlibmiş.
Paraşütün hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.
QAZİLER.AZ

