Ermənistan hökuməti ölkənin dəmir yollarının konsessiya idarəçiliyinə dair Rusiya ilə imzalanmış sazişi ləğv etmək ehtimalını nəzərdən keçirir.
Qaziler.az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Infocom" telekanalına müsahibəsində bildirib.
"Hökumətin Rusiya ilə konsessiya sazişinin ləğv etmək üçün həm alətləri, həm də kifayət qədər əsasları mövcuddur. Vaxtı çatanda bu barədə açıqlama verəcəyik", - deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, əgər bu gün sözügedən sazişin ləğvi ilə bağlı siyasi qərar qəbul edilərsə, bunun üçün tam hüquqi baza var. Bununla belə, Ermənistanın hökumət başçısı dəmir yolu məsələsində "ultimatum dili" ilə danışmaq niyyətində olmadığını vurğulayıb. O, Rusiyanın konsessiya hüququnu həm İrəvan, həm də Moskva üçün məqbul sayılacaq üçüncü bir dövlətə təhvil verməsini təklif edib.
Qeyd edək ki, Ermənistandakı dəmir yolları hüquqi baxımdan respublika hökumətinin mülkiyyətidir, lakin idarəetmə üçün Cənubi Qafqaz Dəmir Yoluna (Rusiya Dəmir Yollarının törəmə şirkəti) verilib. Bu idarəetmə prosesi 2008-ci ildə imzalanmış və 30 il müddətinə nəzərdə tutulan konsessiya sazişi əsasında həyata keçirilir. Mart ayının əvvəlində Ermənistanın Baş naziri dəmir yollarının idarəçiliyinin başqa bir ölkəyə, məsələn, Qazaxıstan, BƏƏ və ya Qətərə verilməsi ilə bağlı Rusiya ilə müzakirələrin aparıldığını bildirmişdi. Rusiya Nəqliyyat Nazirliyi isə məsələyə dair hər hansı danışığın aparılmadığını açıqlamışdı.

