Rusiya ordusunun Prilukiyə raket zərbəsi nəticəsində ölənlərin sayı 14-ə yüksəlib, həlak olanlardan 4-ü uşaqdır.
Bu barədə "RBC-Ukrayna" Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus və Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) bəyanatlarına istinadən məlumat yayıb.
Vilayət rəhbəri Vyaçeslav Çaus bildirib ki, hücum nəticəsində 50-dən çox şəxs xəsarət alıb. O, hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatının fasiləsiz davam etdiyini və bütün zərərçəkənlərə təxirəsalınmaz tibbi və psixoloji yardım göstərildiyini qeyd edib: "Bu qəddar zərbələrin nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün bütün aidiyyəti qurumlar qarşısında tapşırıqlar müəyyən edilib".
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı son məlumata görə, dağıntılar altından daha bir nəfərin cəsədinin çıxarılması ilə ölənlərin sayı 14-ə çatıb.
Xatırladaq ki, Rusiya mütəmadi olaraq Ukraynanın yaşayış məntəqələrini hədəf alır. Bu gün səhər saat saat 06:00 radələrində Priluki şəhərinə endirilən raket zərbələrindən biri birbaşa çoxmərtəbəli yaşayış binasına dəyib. Hücum baş verən an sakinlərin əksəriyyəti yuxuda olub və mənzillərini tərk edə bilməyiblər.
QAZİLER.AZ

