Saakaşvili taun təhlükəsi səbəbindən Rusiya ilə sərhədin dərhal bağlanmasına çağırdı

Saakaşvili taun təhlükəsi səbəbindən Rusiya ilə sərhədin dərhal bağlanmasına çağırdı backend

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkədə taun epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə Rusiya ilə sərhədin təcili olaraq bağlanması və Rusiya vətəndaşlarının ölkəyə girişinin qadağan edilməsi barədə çağırış edib.

Qaziler.az qruziya.az-ya istinadən bildirir ki, həbsdə olan keçmiş dövlət başçısı bu barədə şəxsi Facebook səhifəsində paylaşım edib. O, Rusiyadakı taun əleyhinə institutun laborantının ölümü ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Saakaşvilinin sözlərinə görə, söhbət hava-damcı yolu ilə ötürülən və xüsusilə təhlükəli olan ağciyər taunundan gedir. Sabiq prezident hakim "Gürcü arzusu" partiyasının nümayəndələrini kəskin tənqid edərək yazıb: "“Kotslar” hakim partiyanın üzvləri, heç olmasa indi pul qazanmaq və rusların dabanını yalamaq barədə düşünməyin, öz canınızı qoruyun".

Mətbuatda yayılan məlumatlara görə, oktyabrın 2-də Rusiyanın Şelehov şəhər mərkəzi xəstəxanasında İrkutsk Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunun 28 yaşlı laborantı Darya Şipilova ağciyər taunundan vəfat edib. Ehtimallardan birinə görə, xanım laborant iş zamanı daxilində infeksiya törədicisi olan kolbanı təsadüfən sındırıb.

Rusiyanın "Rospotrebnadzor" xidməti isə bu iddiaları təkzib edir. Qurum bəyan edib ki, D.Şipilova "mənşəyi məlum olmayan pnevmoniya"dan dünyasını dəyişib və onun orqanizmində peşə fəaliyyəti ilə bağlı hər hansı patogen aşkar edilməyib. Həmçinin institutda təhlükəli biomateriallarla iş zamanı heç bir qəzanın baş vermədiyi vurğulanıb.

Rusiyalı laborantın ölümü ilə bağlı xəbərlər fonunda artıq bir neçə ölkə, o cümlədən Qırğızıstan, Özbəkistan və Qazaxıstan Rusiya ilə sərhəd-keçid məntəqələrində sanitar-karantin nəzarətini gücləndirib.

QAZİLER.AZ