Ukraynada Gürcüstan vətəndaşı olan könüllü döyüşçü Giorgi Partsvaniyanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sifarişi ilə öldürməyə cəhd edən hərbçiyə hökm oxunub.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, Nikolayev şəhərinin Korabelnı rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən Ukrayna hərbçisi əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın materiallarına görə, sui-qəsd tamamilə Rusiya xüsusi xidmət orqanlarının birbaşa sifarişi və maddi maraq qarşılığında, öncədən əlbir olan bir qrup şəxs tərəfindən planlaşdırılıb.
Hadisə 14 yanvar 2026-cı il tarixində axşam saatlarında baş verib. Həmin vaxt əsgər rütbəsində mexanik-sürücü kimi xidmət edən təqsirləndirilən şəxs Nikolayevdəki binalardan birinin qarşısında Giorgi Partsvaniyanı pusquya salıb. Döyüşçü avtomobillə əraziyə yaxınlaşdıqda, hücum edən şəxs maşına tərəf addımlayıb və ön şüşədən sürücü oturacağına doğru atəş açıb. Şans nəticəsində güllə avtomobilin ön dirəyinə dəyərək rikoşet edib. İlk atəşdən sonra silahda nasazlıq yarandığından cinayətkar ikinci dəfə atəş aça bilməyib.
Məlum olub ki, sui-qəsddən əvvəl bir qız Giorgi Partsvaniya ilə uzun müddət yazışaraq onu Nikolayevə görüşə çağırıb. Döyüşçü bu görüş üçün Odessadan gəlib və binanın qarşısında həmin qızı gözləyirmiş. Lakin görüşə qızın əvəzinə silahlı şəxs gəlib.
Məhkəmədə təqsirləndirilən hərbçi günahını tamamilə etiraf edib və peşman olduğunu bildirib.
QAZİLER.AZ

