Gürcüstan hökuməti ölkədəki ukraynalı qaçqınlara verilən tibbi və sosial yardımların müddətini 1 yanvar 2027-ci ilə qədər uzadıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Gürcüstan Hökumət Administrasiyasının məlumatına görə, Baş nazir İrakli Kobaxidze bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Qərara əsasən, Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Gürcüstana gələn və burada fasiləsiz qalan vətəndaşlara ailə başına 300 lari, hər bir şəxs üçün isə 45 lari məbləğində sosial yardımın ödənilməsi davam etdiriləcək. Şəxsin ölkədən kənarda 3 gündən artıq qalmaması fasiləsiz yaşayış kimi qəbul olunur. Ölkəni tərk edənlərin yardımı isə növbəti aydan dayandırılacaq.
Eyni zamanda, ukraynalı qaçqınlar dövlət proqramları çərçivəsində pulsuz tibbi xidmətlərdən də yararlanmağa davam edəcəklər. Bura təcili tibbi yardım, doğuş, immunizasiya, həmçinin şəkərli diabet, dializ, vərəm və psixi sağlamlıq kimi sahələr üzrə müalicə və dərman təminatı daxildir.
QAZİLER.AZ

