Ukrayna Silahlı Qüvvələri ilk dəfə yerli istehsal olan "FP-7" taktiki ballistik raketini döyüş şəraitində tətbiq edib.
Qaziler.az-ın "RBC-Ukrayna"ya istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün rəsmi sosial şəbəkə hesablarında raketin buraxılış videosunu paylaşaraq elan edib.
Dövlət başçısı ilk uğurlu döyüş tətbiqinə görə hərbçilərə təşəkkür edib və növbəti mərhələnin bu raketlərin kütləvi seriya istehsalı olacağını bəyan edib. Hücumun dəqiq hansı hədəfə qarşı həyata keçirildiyi və fəsadları barədə əlavə təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, "FP-7" ballistik raketi Ukraynanın Fire Point müdafiə şirkəti tərəfindən Amerikanın "ATACMS" sistemlərinə daha ucuz və effektiv alternativ olaraq hazırlanıb.
Yerdən buraxılan bu mobil raket kompleksi 200-250 kilometrədək uçuş məsafəsinə malikdir və 150-200 kiloqrama qədər döyüş başlığı daşıya bilir. Raketin maksimal sürəti saniyədə 1500 metrə (təxminən 4,4 Max) çatır.
QAZİLER.AZ

