İran parlamentində ölkənin "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Qaziler.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamenti sədrinin müavini Əli Nikzad bildirib.
Onun sözlərinə görə, hazırda təşəbbüs, o cümlədən onun beynəlxalq nəticələri baxımından araşdırılır.
Parlament sədrinin müavini qeyd edib ki, sənəd "fövqəladə əhəmiyyətli" statusu ilə plenar iclasa çıxarılacaq və deputatlar həmin gün ona baxmalı olacaqlar.
Nikzad xatırladıb ki, İran ötən ilin sentyabrında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırıb. O, təşkilatın baş direktoru Rafael Qrossini vicdansız insan adlandırıb.
"O, elə insanlardandır ki, gəlir, yoxlama aparır, bizi tərifləyir, sonra gedir və bizim əleyhimizə mənfi hesabat hazırlayır".
Parlament sədrinin müavini ötən il qəbul edilmiş qərarın İranın xeyrinə olduğunu deyib: "Məgər BAEA-nın baş direktorunun və ya orada çalışanların nüvə enerjisi sahəsində bizə yardım göstərəcəklərinə zərrə qədər ümidimiz varmı? Əlbəttə ki, yox".
Report.az

