Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerləşən Milli Elmlər Akademiyasının (MEA) binasına zərbə endirib.
Qaziler.az-ın "Ukrinform" agentliyinə və rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, hücum nəticəsində tarixi mərkəzdəki Şevçenko rayonunda yerləşən akademiyanın binasında güclü yanğın başlayıb.
Hadisə şahidlərinin yaydığı görüntülərdə alovdan qaçmaq istəyən insanların pəncərələrdən çıxmağa çalışdığı əks olunub.
Şevçenko rayon administrasiyasının rəhbəri Aleksandr Sazanoviç hadisə yerində xilasedicilərin işlədiyini, ölən və yaralananların olduğunu təsdiqləyib.
Ukrayna Prezidenti Volodimir Zelenski hücuma reaksiya verərək hazırda binada axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, gün ərzində rus ordusu Kiyevdə əczaçılıq şirkəti və yanacaqdoldurma məntəqələrini, Dnepr şəhərində biznes-mərkəzi, digər bölgələrdə isə mülki obyektləri və rabitə qovşaqlarını hədəf alıb. Zelenski Rusiyanın bu cinayətlərə görə mütləq real nəticələrlə üzləşəcəyini vurğulayıb.
QAZİLER.AZ

