Almaniya Türkiyədə NATO missiyası çərçivəsində yerləşdirilən "Patriot" hava hücumundan müdafiə (HHM) sistemlərinin qalma müddətini 2027-ci ilin aprelinədək uzadıb.
Qaziler.az bildirir ki, "Kazinform" agentliyinin məlumatına görə, Türkiyənin Malatya şəhərində yerləşən və ilkin olaraq 2026-cı ilin sentyabrına qədər qalması planlaşdırılan Almaniya bölməsi xidmətini davam etdirəcək. Missiya tərkibində Bundessverin təxminən 150 hərbi qulluqçusu fəaliyyət göstərir. NATO-dakı Almaniya nümayəndəliyi bu addımın alyansın şərq cinahında HHM və raket əleyhinə müdafiəsini gücləndirməyə xidmət etdiyini bildirib.
"Patriot" sistemlərinin Türkiyənin şərqində yerləşdirilməsi İraq və İranın iştirak etdiyi regional münaqişələr fonunda NATO-nun raket əleyhinə müdafiəsini gücləndirmək məqsədi daşıyır. Qeyd edək ki, ABŞ istehsalı olan "Patriot" sistemləri təyyarələri, qanadlı və bəzi növ ballistik raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulub.
QAZİLER.AZ

