Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin sərəncamı ilə Manqistau vilayətində hərbçilərin həlak olması ilə əlaqədar 25 sentyabr 2026-cı il tarixində ölkədə ümummilli matəm elan edilib.
Qaziler.az xəbər verir ki, “Kazinform” agentliyinin Akordaya (Prezident Administrasiyası) istinadən yaydığı rəsmi məlumata görə, dövlət başçısı həlak olanların yaxınlarına başsağlığı verib və ailələrinə hər cür yardımın göstərilməsini tapşırıb.
Hadisə sentyabrın 24-də Xəzər dənizi sahilində təlim-döyüş tapşırığının icrası zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən 19 hərbi qulluqçunu dənizdə axın aparıb. Onlardan doqquzu həlak olub, üçünü xilas etmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Hərbi qulluqçuların həlak olması faktı ilə bağlı Qazaxıstanın Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və prokurorluq əməkdaşlarının iştirakı ilə operativ-istintaq qrupu yaradılıb, zəruri məhkəmə ekspertizaları təyin edilib. İstintaqın gedişatı xüsusi nəzarətdədir.
Prezident Qasım-Jomart Tokayev həlak olan hərbi qulluqçuların doğmalarına və yaxınlarına başsağlığı verib, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və həlak olanların ailələrinə kömək göstərilməsi üçün zəruri tədbirlərin görülməsini tapşırıb.
QAZİLER.AZ

