Ermənistanda 2027-ci il yanvarın 1-dən dövlət sistemində çalışan şəxslərin əməkhaqlarına yenidən baxılması planlaşdırılır.
Qaziler.az erməni KİV-nə istinadən xəbər verir ki, hökumətin qəbul etdiyi qərarın icrası dövlət büdcəsinə əlavə olaraq təxminən 30 milyard drama başa gələcək.
Qanun layihəsinə əsasən, Ermənistanın baş naziri və prezidentinin aylıq əməkhaqqı təxminən 1,5 milyon dram artırılaraq 2,6 milyon drama çatdırılacaq. Baş nazir müavinləri 2,1 milyon, nazirlər isə təxminən 2 milyon dram maaş alacaqlar.
Maaş artımının yüksək vəzifəli dövlət rəsmilərinə də şamil edilməsi Ermənistanda narazılıq yaradıb. Mətbuatda aparılan müqayisəyə görə, Baş nazir Nikol Paşinyanın yeni maaşı ölkədə müəllimlərin aldığı əməkhaqqından təxminən 17 dəfə çox olacaq.
Müqayisə üçün bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun maaşı bu ölkədə müəllimlərin orta əməkhaqqından təxminən 5 dəfə yüksəkdir.
Hazırda Ermənistanda aşağı və orta vəzifəli dövlət qulluqçularının aylıq maaşı əsasən 150–300 min dram arasında dəyişir. Tənqidçilər hesab edirlər ki, əlavə büdcə vəsaiti ilk növbədə aşağı maaş alan dövlət işçilərinin gəlirlərinin artırılmasına yönəldilməlidir.
Modern.az

