Lukaşenko məmurları kətan yığımının keyfiyyətsiz olmasına görə hədələyib
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə kətan yığımının keyfiyyətsiz təşkil edilməsinə görə məmurların həbs olunmalı olduğunu bəyan edib.
Qaziler.az bildirir ki, Belarusun rəsmi “Belta” agentliyinin məlumatına görə, dövlət başçısı bu barədə Mogilyov vilayətinin Şklov rayonuna işgüzar səfəri çərçivəsində bildirib.
Səfər zamanı “Qovyadı-Aqro” kənd təsərrüfatı müəssisəsinin tarlasına baş çəkən Belarus lideri kətan yığımının mövcud vəziyyətindən kəskin narazı qalıb.
“Siz işin necə qeyri-peşəkar görülməli olduğunu nümayiş etdirmək istəyirdiniz? Buna görə adamı həbsə atarlar. Kətanı bu cür yığarlar? Rezalətdir. Mən səndən (Mogilyov Vilayət İcraiyyə Komitəsinin sədri – red.) bunu gözləmirdim”, — deyə Lukaşenko vurğulayıb.
Prezident Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin rəhbərinə və region üzrə köməkçisinə nəzəriyyəni kənara qoyub konkret işlərlə məşğul olmağı tövsiyə edib. O, ölkənin ən ucqar nahiyələrində belə kənd təsərrüfatı işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.
QAZİLER.AZ

