Ukrayna Avropa İttifaqından raket və dronların alınması üçün 3,3 milyard avro vəsait alıb

Ukrayna Avropa İttifaqından raket və dronların alınması üçün 3,3 milyard avro vəsait alıb backend

Avropa Komissiyası (AK) sentyabrın 18-də Avropa İttifaqının (Aİ) 90 milyard avro krediti çərçivəsində silahların alınması üçün Ukraynaya 3,3 milyard avro köçürüb.

Bu barədə "Report"un yerli bürosu Avropa Komissiyasına istinadən xəbər verir.

"Bu gün biz Ukrayna üçün kredit çərçivəsində pilotsuz uçuş aparatları (PUA) və raketlərin alınması üçün 3,3 milyard avro köçürürük. Avropa öz xalqının və ərazisinin müdafiəsi üçün zəruri olan dəstəyi verməyə davam edəcək", - AK rəhbəri Ursula fon der Lyayen bildirib.

Bu, kreditin müdafiə sahəsi üzrə Ukraynaya edilən dördüncü ödənişdir. Hazırkı tranş nəzərə alınmaqla, 2026-cı ildə AK tərəfindən Ukraynanın müdafiə və digər ehtiyaclarına köçürülən vəsaitin ümumi həcmi 15 milyard avroya yaxınlaşacaq.

90 milyard avro məbləğində kredit 2026–2027-ci illərdə Ukraynaya büdcə dəstəyi üçün 30 milyard avro, müdafiə xərcləri üçün isə 60 milyard avro nəzərdə tutur.

AK qeyd edib ki, hərbi potensialın qorunub saxlanılması üçün Ukraynaya qısa müddətdə və kifayət qədər həcmdə kritik əhəmiyyətli silahlar lazımdır. Aİ ehtiyatlardan istifadə etməklə, sifarişləri yenidən bölüşdürməklə və istehsalı artırmaqla tədarükləri sürətləndirməyi planlaşdırır.

Yeni tranş sentyabrın 11-də Ukraynanın hava hücumundan və raketdən müdafiəsinə, eləcə də digər müdafiə ehtiyaclarına 6,1 milyard avro məbləğinin təsdiqlənməsi qərarının ardınca həyata keçirilir. Bu məbləğə, xüsusilə, "Patriot" sistemləri üçün PAC-3 raketləri daxildir.

AK, həmçinin mövcud "Freya" sistemi əsasında hava hücumundan və raketdən müdafiə üzrə Avropa sisteminin yaradılması üçün Aİ və Ukraynanın yeni birgə proqramının işə salınması məqsədilə SAFE alətinin qalan vəsaitlərindən istifadə etməyə hazır olduğunu bildirib. Proqram Ukraynanın döyüş təcrübəsini Avropanın sənaye və texnoloji imkanları ilə birləşdirməlidir.

2022-ci ilin əvvəlindən bəri Aİ və onun üzv dövlətləri dondurulmuş Rusiya aktivlərindən əldə edilən 3,8 milyard avro gəlir də daxil olmaqla, Ukraynaya ümumilikdə 224,5 milyard avro məbləğində dəstək verib.