Gürcüstan İrana qarşı beynəlxalq sanksiyalara qoşulur və bu ölkə ilə aviaəlaqəni dayandırır.
Qaziler.az xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
"Gürcüstan bu və ya digər ölkəyə qarşı tətbiq edilən sanksiya rejimlərini həmişə nəzərə alır. Biz İranla bağlı da müvafiq qərar qəbul etdik və İqtisadiyyat Nazirliyi bununla bağlı bəyanat yaydı", - deyə Kobaxidze bildirib.
O vurğulayıb ki, Gürcüstan İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmir: "Bu, yanlış və absurd olardı".
"Biz müəyyən edilmiş beynəlxalq sanksiya rejiminə uyğun hərəkət edirik", - deyə Kobaxidze qeyd edib.
Onun sözlərinə görə, Gürcüstanın ikitərəfli sanksiyalar tətbiq etmədiyi Rusiya ilə bağlı məsələdə də oxşar yanaşma mövcud olub.
"Bu, bizim ümumi siyasətimizdir, biz qonşu ölkələrə qarşı ikitərəfli sanksiyalar tətbiq etmirik, lakin beynəlxalq sanksiya rejimlərini nəzərə alırıq", - deyə Kobaxidze vurğulayıb.
QAZİLER.AZ

