Ermənistan heç vaxt Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldırmayıb.
Qaziler.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da parlamentdə hökumət saatı zamanı bildirib.
Məsələni hakim qüvvənin deputatı Roman Ambartsumyan səsləndirib. O, sualını belə ifadə edib: “Ermənistan müxalifəti sahibsiz qala biləcəyindən narahatdır”.
Suala cavab verən Paşinyan bildirib ki, 2018-ci ildən etibarən Rusiya prezidenti və digər yüksəkvəzifəli şəxslərlə əlaqə saxlayır və bütün bu müddət ərzində Ermənistan tərəfindən hərbi bazanın çıxarılması məsələsi heç vaxt qaldırılmayıb. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistanın heç bir nümayəndəsi belə bir məsələni gündəmə gətirməyib.
Daha sonra Paşinyan bildirib ki, Bişkekdən qayıtdıqdan sonra Rusiya prezidentinin “Əgər Ermənistan bazanın çıxarılmasını istəyirsə, biz onu çıxaracağıq” dediyini görüb.
“Daha sonra brifinqdə jurnalistlər sual verdilər və mən bildirdim ki, Ermənistan heç vaxt bazanın çıxarılması məsələsini qaldırmayıb. Lakin Rusiya bazanı çıxarmaq qərarına gəlsə, Ermənistan buna etiraz etməyəcək. Çünki bazanın mövcudluğu Ermənistan Respublikası üçün həyati əhəmiyyət daşımır. Əgər Rusiya bazanı saxlamaq istəyirsə, biz bunu müzakirə etməyə hazırıq. Bütün hekayə və bəyanatlar bundan ibarətdir. Nə artıq, nə də əskik”, — deyə Paşinyan bildirib.
QAZİLER.AZ

