Pezeşkian rəsmilərə tapşırıq verdi:  Həftədə bir gün avtomobilsiz

Pezeşkian rəsmilərə tapşırıq verdi:  Həftədə bir gün avtomobilsiz backend

İran Prezidenti Məsud Pezeşkian dövlət qurumlarında “həftədə bir gün avtomobilsiz” təşəbbüsünün tətbiqinə başlanılmasını istəyib.

Qaziler.az "modern.az"a istinadla xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Pezeşkian hökumətin iclasında ölkədə həyata keçirilən proqramların icrası ilə bağlı hesabatları dinləyib və gündəmdə olan əsas məsələləri müzakirə edib.

Pezeşkian hazırkı şəraitdə dövlət qurumları ilə əhali arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Pezeşkian rəsmilərdən əhali ilə daim ünsiyyətdə olmağı, zəruri və dəqiq məlumatları ictimaiyyətə çatdırmağı, insanların tənqid və narazılıqlarını dinləməyi və mümkün qədər onların problemlərinin həlli istiqamətində addımlar atmağı istəyib.

Prezident “həftədə bir gün avtomobilsiz” təşəbbüsünün həyata keçirilməsinin vacibliyini qeyd edib.

O bildirib ki, bu təşəbbüs ilk növbədə hökumət, dövlət idarələri, təşkilatlar və dövlət şirkətlərindən başlamalıdır. Pezeşkianın sözlərinə görə, təşəbbüs davamlı xarakter alaraq tədricən ümumi ictimai hərəkata və geniş sosial iştiraka çevrilməlidir.

İranda sentyabrın 8-dən etibarən yanacaqdoldurma məntəqələrinin kartı ilə alınan benzinin qiyməti iki dəfə artırılıb.

Bu tarif üzrə benzinin bir litri 5 min tüməndən 10 min tümənə yüksəlib.

Bununla belə, əhali üçün güzəştli tariflər qüvvədə qalıb. Sürücülər ay ərzində 60 litr benzini litri 1 500 tümənə, daha 50 litri isə 3 000 tümənə ala biləcəklər.

Bu limitlərdən artıq yanacaq alan və ya şəxsi yanacaq kartı olmayan şəxslər məntəqənin kartından istifadə etməlidirlər. Məhz bu zaman benzinin litri 10 min tümənə başa gələcək.