Rusiya ilin sonunadək yeni ballistik raketləri sınaqdan keçirməyi planlaşdırır. Sınaqlar çərçivəsində Rusiya Ukraynanın qərb vilayətlərindəki obyektlərə zərbələr endirə bilər.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib. Məlumatı “RBC-Ukrayna” Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalına istinadən yayıb.
Skibitski Ukrayna-NATO parlamentlərarası şurasının iclasında bildirib ki, yalnız avqust ayında Rusiya müharibədə 43 min hərbçi itirib. Eyni dövrdə Rusiya ordusuna 39 min yeni çağırışçı cəlb olunub.
Onun sözlərinə görə, Rusiya Baş Qərargahında hesab edirlər ki, səfərbərlik həyata keçirilmədən ölkə müharibədə qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcək. Söhbət Donbasın tam işğalından və strateji təşəbbüsün ələ keçirilməsindən gedir.
Skibitskinin sözlərinə görə, 2026-2027-ci illərdə Rusiyada orduya təxminən 600 min nəfərin səfərbər edilməsi planlaşdırılır. Onların yarısının cari ilin sonunadək orduya cəlb olunması nəzərdə tutulur.
QAZİLER.AZ

