Hörmüz boğazında müvəqqəti marşrut qeydə alına bilər – İran XİN rəsmisi

Hörmüz boğazında müvəqqəti marşrut qeydə alına bilər – İran XİN rəsmisi backend

Qarşıdakı günlər ərzində Beynəlxalq Dənizçilik Təşkilatı yanında Hörmüz boğazında təhlükəsiz müvəqqəti marşrut qeydə alına bilər.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gü (7 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

“İran və Oman arasında müzakirələrin yekun mərhələyə çatdığını söyləmək olar. Ehtimal olunur ki, gələn günlərdə Hörmüz boğazında təhlükəsiz müvəqqəti marşrut üçün İran və Oman arasında anlaşma Beynəlxalq Dənizçilik Təşkilatı yanında qeydə alınacaq”, - deyə o bildirib.

Bəqai bildirib ki, bir müddət öncə İran və Oman iki sahilyanı dövlət olaraq Hörmüz boğazında təhlükəsiz marşrutların təyin olunması üçün ciddi şəkildə müzakirələrə başlayıb. Müzakirələrdə çox müsbət irəliləyişlər əldə olunub.

“Bəzi zaman kəsiyində bu müzakirələrdə fərqli düşüncələrin olduğu müşahidə olunubsa, bunun böyük hissəsi bəzi üçüncü tərəflərin nüfuzundan istifadə etməsinə görə baş verib. Ümumiyyətlə üçüncü tərəflər müzakirələr prosesinə zərbə vurmağı düşünürdülər”, - deyə o qeyd edib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.