Həkimlərə rəsmi olaraq təhsil proqramını, təhsil müəssisəsini və təhsil formasını sərbəst seçmək hüququ veriləcək. Buraya işlə paralel təhsili mümkün edən distant və axşam təhsil formaları da daxildir.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bu barədə Özbəkistan Respublikasının Səhiyyə Nazirliyindən məlumat verilib.
Bununla yanaşı, həkimlərin ixtisasartırma təhsilinin Dövlət büdcəsi hesabına maliyyələşdirilməsi tam həcmdə qorunub saxlanılacaq.
Əsas yenilik maliyyə vəsaitlərinin vauçer sistemi vasitəsilə bölüşdürülməsidir. Artıq vəsaitlər konkret mərkəzə deyil, birbaşa həkimə ayrılacaq. Həkim isə ehtiyacına uyğun təhsil xidmətləri göstərən provayderi özü seçəcək.
Hazırda bu sahədə rəqabət əsasında 10 ali təhsil müəssisəsi, 29 tibb mərkəzi və 30-dan çox özəl provayder fəaliyyət göstərir. Yaxın illərdə onların sayının 100-ü keçəcəyi gözlənilir.
İslahat çərçivəsində dünyada tanınmış tərəfdaşlar, o cümlədən ABŞ-ın Davamlı Tibbi Təhsil üzrə Akkreditasiya Şurası da prosesə cəlb olunur.
Mütəxəssislər Rusiyada və digər xarici ölkələrdə təcrübə keçəcəklər. 2030-cu ilədək proqramın tibbi işçilərin 100 faizini, yəni 600 mindən çox mütəxəssisi əhatə etməsi planlaşdırılır.
QAZİLER.AZ

