Ermənistanın müdafiə naziri Suren Papikyan orduda son dövrlərdə baş verən ölüm halları, o cümlədən intihar və qətllərlə bağlı statistik məlumatları açıqlayıb.
Qaziler.az “modern.az”a istinadla xəbər verir ki, nazir bu barədə parlamentdə jurnalistlərlə keçirdiyi brifinq zamanı orduda son vaxtlar intihar və qətl hallarının artmasının səbəbləri ilə bağlı suala cavab verərkən danışıb.
Papikyan bildirib ki, qısa müddət ərzində bu cür halların intensivləşməsinin konkret səbəbini qiymətləndirməkdə çətinlik çəkir:
“İntensivliyə gəlincə, bu qədər qısa müddətdə belə yüksək sıxlığın səbəbini qiymətləndirə bilmirəm. Lakin müdafiə nazirinin bu ölümlərdə ittiham olunması Ermənistan üçün yeni bir haldır.Əlbəttə, mən bu məsələyə statistik yanaşmağın tərəfdarı olmamışam. Lakin ordunun həyatı və ümumi tarixi müəyyən statistik göstəriciləri də özündə ehtiva edir. Ermənistan ordusunun bütün tarixi ərzində intihar, qətl və nizamnamədən kənar münasibətlər halları olub. Bu göstəricilər bəzən artıb, bəzən də azalıb. Məsələn, 2025-ci ildə apardığımız iş nəticəsində bu rəqəm ən azı 2-yə qədər azalmışdı”.
Ermənistanın müdafiə naziri daha sonra 2015-ci ildən 2026-cı ilə qədər orduda qeydə alınan intihar, qətl və intihara cəhd hallarının illər üzrə statistikasını açıqlayıb:
"2015-ci ildə orduda 7 belə hal qeydə alınıb. 2016-cı ildə isə bu rəqəm kəskin şəkildə artaraq 19-a çatıb. Papikyanın təqdim etdiyi statistikaya əsasən, 2017-ci ildə 13, 2018-ci ildə 12, 2019-cu ildə 11, 2020-ci ildə 10, 2021-ci ildə 10, 2022-ci ildə 8, 2023-cü ildə 9, 2024-cü ildə 11, 2025-ci ildə 2, 2026-cı ildə isə 8 belə hal qeydə alınıb. Son onilliyin statistikası bu rəqəmlərin illər üzrə həm artdığını, həm də azaldığını göstərir. Əlbəttə, bunun müxtəlif səbəbləri var. Bəzi hallar nizamnamədən kənar münasibətlərin, bəziləri isə kriminal subkulturanın nəticəsidir. Bu, təkcə bu günün deyil, dünənin də problemidir.
Bu, yalnız mənə aid olmayan bir çağırışdır. Müdafiə naziri mən olacağam, yoxsa başqası – fərq etməz, bu problem sistemli yanaşma tələb edir. Sizin bu məsələni gündəmə gətirməyinizdən utanmamalıyam. Əksinə, biz bu problemlə mübarizə aparmalıyıq – həm siz, həm də mən”.

