Ukrayna Türkiyədə yerləşən ümumi dəyəri 255,9 milyon dollar olan köhnəlmiş Amerika silahlarını, o cümlədən reaktiv yaylım atəş sistemləri (RYAS) və mərmiləri əldə edə bilər.
Bu barədə ABŞ Dövlət Departamentinin avqustun 6-da Konqresin iclasları və fəaliyyəti haqqında jurnalda dərc olunan bildirişində məlumat verilib.
Sənəddə qeyd olunur ki, Ankara Kiyevə 12 ədəd M270 MLRS RYAS qurğusu, 2 524 ədəd M26 reaktiv kaset mərmisi, 47 min ədəd M509A1 artilleriya mərmisi və 70 ədəd M39 ATACMS ballistik raketi verə bilər.
Məlumata görə, silahların Türkiyənin “MKE”, “ASFAT” və “ARCA Savunma San. Tic.”, Bolqarıstanın “VTIC International Ltd.”, həmçinin ABŞ-ın “Pansophico” və “Patriot Defense Group” özəl şirkətləri vasitəsilə təhvil verilməsi planlaşdırılır.
ABŞ Dövlət Departamenti bildirib ki, “Amerika Birləşmiş Ştatları hökuməti bu tədarükə icazə verməyə hazırdır”. (trend)

