Avqustun 5-nə keçən gecə rusiyalı işğalçılar "LIQUI MOLY Ukraine" şirkətinin mərkəzi məhsul anbarına hücum ediblər. Buna baxmayaraq, tədarüklərin bərpası üzrə işlərə artıq start verilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "LIQUI MOLY Ukraine" şirkətinin Facebook-dakı bəyanatına istinadən xəbər verir.
"Hörmətli müştərilər! Bu gecə düşmən zərbəsi nəticəsində Ukraynadakı mərkəzi məhsul anbarımız tamamilə yanaraq məhv olmuşdur", — deyə rəsmi bəyanatda bildirilir.
Buna baxmayaraq, şirkət nümayəndələri bütün əməkdaşlarının təhlükəsizlikdə olduğunu və onlardan heç kimin xəsarət almadığını təsdiqləyiblər.
"İnsanların həyatı əvəzsizdir. Düşmən tonlarla məhsulu məhv etdi, lakin o, bizim komandamızı, reputasiyamızı və Ukraynaya olan inamımızı məhv etmək iqtidarında deyil. Biz bir dəqiqə belə dayanmırıq", - deyə şirkətdən bildiriblər.
Bundan əlavə, qeyd olunub ki, "LIQUI MOLY" artıq tədarüklərin bərpası prosesinə başlayıb. Hazırda aktiv şəkildə yenidən qruplaşma və yeni çatdırılma yollarının qurulması prosesi gedir.
"Tərəfdaşlarımızın və müştərilərimizin lazımi yağları və avtokimyəvi məhsulları mümkün qədər tez əldə etmələri üçün əlimizdən gələni edəcəyik", - deyə şirkətdən əmin ediblər.
QAZİLER.AZ

