Rusiya ordusu Kiyev və Kiyev vilayətində logistika mərkəzləri və anbarları vurdu

Rusiya ordusu Kiyev və Kiyev vilayətində logistika mərkəzləri və anbarları vurdu backend

Rusiya ordusu Kiyev və Kiyev vilayətindəki hərbi logistika mərkəzlərinə zərbələr endirdiyini açıqlayıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi avqustun 5-də yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri Kiyev şəhəri və Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) istifadə etdiyi nəqliyyat-logistika və paylama mərkəzlərinə zərbələr endirib.

Nazirliyin bəyanatında bildirilir ki, sözügedən obyektlər silah və hərbi təyinatlı yüklərin çatdırılması, həmçinin pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və paylanması üçün istifadə olunurdu.

Rusiya tərəfinin iddiasına görə, zərbələr Kiyevin Obolon, Svyatoşın və Desnyanski rayonlarında, eləcə də Kiyevo-Svyatoşın və Brovarı rayonlarında, həmçinin paytaxtın ətraf ərazilərində yerləşən obyektləri hədəf alıb.

Məlumatda qeyd olunur ki, zərbələr nəticəsində "MLP–Çayka" nəqliyyat-logistika mərkəzi, "Novus" və "Kalinovka" logistika mərkəzləri, "Nova Poçta" terminalları, həmçinin "Trans-Logistik" və "Terminal Rozetka" şirkətlərinin anbarları vurulub. Rusiya Müdafiə Nazirliyi bu obyektlərdə silah, hərbi əmlak, pilotsuz uçuş aparatları üçün komponentlər və USQ-nin logistikasına aid yüklərin saxlanıldığını iddia edir.

Bundan əvvəl, avqustun 4-də Rusiya Müdafiə Nazirliyi Nikolayev limanında Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə edildiyi bildirilən üç yük gəmisinə zərbələr endirildiyini açıqlamışdı. Nazirlik həmçinin Çornomorsk limanındakı hərbi yüklərin saxlanıldığı konteyner terminalı və anbarın vurulduğunu, "Geran" tipli pilotsuz uçuş aparatları ilə Sumı vilayətindəki müəssisələrin enerji təchizatının sıradan çıxarıldığını da bəyan etmişdi.