Ermənistan İran qazını Rusiya qazına alternativ kimi nəzərdən keçirmir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
Bununla belə, o dəqiqləşdirib ki, keçən həftə İrana səfəri zamanı İslam Respublikasının əlavə elektrik enerjisinə ehtiyacı olduğu, Ermənistanın isə təbii qaza ehtiyac duyduğu təsdiqlənib. Bu kontekstdə o xatırladıb ki, ölkələr “Qaz qarşılığında elektrik enerjisi” layihəsini uğurla həyata keçirirlər.
Nazir qeyd edib ki, 400 kVt-lıq elektrikötürücü xəttin inşasından sonra Ermənistan İrana elektrik enerjisi tədarükünü artıra biləcək, İran isə öz növbəsində respublikaya daha çox qaz verə biləcək.
Mayın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ermənistan Avropa İttifaqına üzv olacağı təqdirdə Rusiya ilə sərfəli əməkdaşlığı itirə bilər. O xatırladıb ki, Ermənistan üçün güzəştli qaz tədarükü Rusiya tərəfindən təmin edilir.
QAZİLER.AZ

