Diqqət süni intellekt, dronlar və anti-dron sistemlərinə yönəlib
Polşa öz ordusunu modernləşdirmək üçün Ukraynanın Rusiyaya qarşı apardığı müharibənin təcrübəsindən yararlanır.
Varşava əsas diqqəti pilotsuz uçuş aparatlarına (PUA), süni intellektə və uzaqmənzilli zərbə sistemlərinə yönəldir.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın bəyanatına istinadən məlumat yayıb.
"Ukraynadakı müharibə bizə öyrədir ki, bu, total xarakterli bir müharibədir. Hər gün cəbhədə ənənəvi silahlardan — tanklar, artilleriya və piyadalardan istifadə edilməklə yüzlərlə döyüş toqquşması baş verir", — deyə nazir qeyd edib.
Kosinyak-Kamış həmçinin diqqətə çatdırıb ki, təkcə ötən həftə ərzində ruslar cəbhə xəttində 904 hücum həyata keçiriblər.
O, Ukrayna qüvvələrinin əsas nailiyyətlərini vurğuladı:
Ukrayna dəniz və sualtı dronları Rusiyanın Qara dəniz donanmasını faktiki olaraq zərərsizləşdirib;
hava və yerüstü dronlar Rusiyanın arxa cəbhəsindəki strateji hədəflərə uğurlu zərbələr endirməyə imkan verir.
"Onlar dənizdən, yerüstü və sualtı dronlardan istifadə edərək başladılar. Onlar faktiki olaraq Qara dəniz donanmasını sıradan çıxardılar. Daha sonra hava və yerüstü dronlar da əlavə edilib", - deyə Polşa naziri qeyd edib.
QAZİLER.AZ

