İran Xarici İşlər Nazirliyi Böyük Britaniya hökumətinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında ölkənin hərbi bazaları və digər imkanlarından istifadəyə icazə verməsi ilə bağlı qərarını kəskin pisləyib.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Böyük Britaniyanın bu qərarı BMT Nizamnaməsinin əsas prinsip və normalarına, eləcə də beynəlxalq hüquqa ziddir və BMT Baş Assambleyasının 3314 saylı "Təcavüzün tərifi" qətnaməsinə əsasən İrana qarşı təcavüz aktı kimi qiymətləndirilə bilər.
İran XİN bildirib ki, Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını pisləmək əvəzinə, onlara dəstək vermək yolunu seçib. Bəyanatda vurğulanıb ki, bu addım Londonun hüququn aliliyi, insan hüquqları, beynəlxalq sülh və təhlükəsizliyin müdafiəsi ilə bağlı bəyanatlarının etibarlılığına xələl gətirir və İranın suverenliyi ilə ərazi bütövlüyünə hörmətlə bağlı beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirilir.
Sənəddə həmçinin qeyd olunub ki, İrana qarşı hərbi əməliyyatlarda istənilən formada iştirak edən tərəflər bunun nəticələrinə və doğuracağı fəsadlara görə məsuliyyət daşıyacaqlar.
Bununla yanaşı, SEPAH da ABŞ-nin İrana qarşı son hərbi əməliyyatlarının gedişatı ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, müharibənin rəsmi şəkildə yenidən başlamasından sonra ABŞ ordusu əvvəlcə Hind okeanında yerləşən hərbi gəmilərdən buraxılan qanadlı raketlərlə İrana zərbələr endirib. Məlumata görə, həmin gəmilərdə raket ehtiyatı tükəndikdən sonra ABŞ Böyük Britaniyadakı RAF Fairford aviabazasından havaya qalxan B-1 strateji bombardmançı təyyarələrindən istifadə edib.
SEPAH bildirib ki, bu fakt İran Xarici İşlər Nazirliyinin bəyanatında səsləndirilən mövqeyi bir daha təsdiqləyir. Qurum vurğulayıb ki, İran ərazisinə hücumların həyata keçirilməsi üçün istifadə olunan istənilən hərbi baza Tehran tərəfindən legitim hədəf hesab olunur.

