Almaniya Ukraynaya 50 min hücum tipli PUA-nın alınması üçün maliyyə dəstəyi göstərəcək

Almaniya Ukraynaya 50 min hücum tipli PUA-nın alınması üçün maliyyə dəstəyi göstərəcək backend

Almaniya Ukraynaya 50 min ədəd zərbə tipli pilotsuz uçuş aparatının (PUA) verilməsini maliyyələşdirmək niyyətindədir. Bu sifariş Qərb ölkələrinin Kiyevə göstərdiyi ən iri məlum dron dəstəyi paketlərindən biri hesab olunur.

 

Bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

 

Məlumata əsasən, sifariş paketinə Ukraynanın aparıcı istehsalçılarından olan SkyFall şirkətinin istehsal etdiyi Shrike tipli dronlar daxildir. Sözügedən PUA-lar ABŞ-ın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Auterion şirkətinin proqram təminatı ilə təchiz olunub. Bu sistem uçuşun son mərhələsində hərəkətdə olan hədəflərin avtonom şəkildə aşkarlanması, izlənməsi və məhv edilməsi üçün nəzərdə tutulub.

 

Auterion şirkətinin baş icraçı direktoru Lorens Mayer müqavilənin mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, layihənin ümumi dəyəri təxminən 90 milyon avro (103 milyon ABŞ dolları) təşkil edir və maliyyə dəstəyi Avropa ölkələrindən biri tərəfindən təmin olunur.

 

Mayer bildirib ki, pilotsuz aparatların bir hissəsi artıq Ukrayna tərəfinə təhvil verilib, qalan dronların isə ilin sonunadək çatdırılması nəzərdə tutulur.

 

Almaniya Müdafiə Nazirliyi isə əməliyyat təhlükəsizliyi ilə bağlı səbəbləri əsas gətirərək məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.