Rusiyadakı yanacaq problemləri Mərkəzi Asiya ölkələrinə necə təsir edir?

Rusiyadakı yanacaq problemləri Mərkəzi Asiya ölkələrinə necə təsir edir? backend

Rusiyada neft emalı zavodlarına (NEZ) endirilən silsilə zərbələrdən sonra neft emalının azalması nəticəsində yaranan yanacaq problemləri tədricən daxili bazarın hüdudlarını aşır və Mərkəzi Asiya ölkələrinə təsir göstərməyə başlayır.

İyulun 8-də Rusiya hakimiyyəti dizel yanacağının ixracına iyulun 31-dək müvəqqəti qadağa tətbiq edib. Məhdudiyyət hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil olunmasa da, bu qərar bazardakı gərgin vəziyyətin növbəti təsdiqi olub.

"Yanacaq bazarında vəziyyət gərgin olaraq qalır", - deyə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak daha əvvəl bildirib.

Kpler-in məlumatına görə, 2026-cı ilin iyun ayında Rusiyanın NEZ-lərində neft emalı sutkada təxminən 4,1 milyon barelə enərək son illərin ən aşağı səviyyəsinə düşüb. Benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz az olub, yay mövsümündə istehlak isə istehsal həcmini üstələyir.

Rusiya Mərkəzi Asiyanın bir sıra ölkələri üçün əsas benzin tədarükçüsü olaraq qalır. 2025-ci ildə dəmir yolu ilə təxminən 2,6 milyon ton benzin ixrac edilib. Bunun 526 min tonu Qırğızıstana, 510 min tonu Özbəkistana, 406 min tonu isə Tacikistana göndərilib. Məhz buna görə də yanacaq çatışmazlığının nəticələri region üzrə sürətlə yayılıb.

Qırğızıstan: ən həssas ölkə

Qırğızıstan regionun ən həssas ölkəsi olaraq qalır. Respublikanın idxal etdiyi benzinin 90 faizdən çoxu Rusiyanın payına düşür.

Təkcə 2026-cı ilin yanvar-may aylarında Rusiyadan Qırğızıstana 251 min tondan çox avtomobil benzini, 235,1 min ton dizel yanacağı və 48,15 min ton aviasiya kerosini tədarük edilib. Müqayisə üçün qeyd edək ki, eyni dövrdə ölkədaxili istehsal cəmi 129,2 min ton benzin və 118,2 min ton dizel təşkil edib ki, bu da idxalın mümkün azalmasını tam kompensasiya etməyə imkan vermir.

İyunun sonunda Qırğızıstan Neft Treyderləri Assosiasiyası Rusiyadan tədarükün məhdudlaşdırılması və mövsümi tələbatın artması səbəbindən Aİ-95 və Aİ-98 markalı benzində qıtlığın yarandığını açıqlayıb.

Hakimiyyət alternativ mənbələrin təcili axtarışına başlayıb. Çin 3 min ton aviasiya yanacağının tədarükünü təsdiqləyib və 5 min ton dizel yanacağının göndərilməsi ilə bağlı danışıqlar aparır. Belarus isə daha 3 min ton aviasiya yanacağı və təxminən 10 min ton dizel yanacağının tədarükünə hazırlaşır.

"Çindən tədarükü 10 gün ərzində, Belarusdan isə təxminən 15-20 gün ərzində gözləyirik", - deyə Qırğızıstan Nazirlər Kabineti sədrinin birinci müavini Daniyar Amanqeldiyev bildirib.

Bundan əlavə, Qazaxıstan da Qırğızıstana neft məhsullarının ixracı imkanını nəzərdən keçirir. Lakin potensial tədarük həcmləri hələlik Rusiyanın həcmləri ilə müqayisə oluna bilmir.

Özbəkistan: ehtiyatlara baxmayaraq rekord qiymət artımı

2025-ci ildə Özbəkistan Rusiyadan təxminən 510 min ton benzin alıb. 2026-cı ilin yanvar-aprel aylarında ölkənin ümumi benzin idxalı 327,1 milyon dollar dəyərində 568,7 min tona çatıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini iki dəfədən çox üstələyir.

Eyni zamanda ölkədə yanvar-may aylarında 502,2 min ton avtomobil benzini istehsal olunub.

Rusiya böhranının əsas təzahürü birja qiymətlərinin kəskin artması olub. İyunun 29-na olan məlumata görə, Özbəkistan Respublika Əmtəə-Xammal Birjasında Aİ-92 markalı benzinin qiyməti tarixi maksimuma - hər ton üçün 13,919 milyon suma çatıb. Bir ay ərzində benzin təxminən 11,8 faiz bahalaşıb. Ən kəskin artım isə iyunun 4-8-i arasında baş verib. Bu müddətdə qiymət cəmi dörd gün ərzində 10,5 faiz yüksəlib.

Buna baxmayaraq, hakimiyyət kifayət qədər ehtiyatların olduğunu vurğulayır.

"Əminliklə deyə bilərəm ki, yaxın iki-üç ay üçün ehtiyatlarımız kifayətdir", - deyə Özbəkistanın energetika nazirinin birinci müavini Umid Mamadaminov bildirib.

Onun sözlərinə görə, ölkədə neft məhsulları istehsalının həcmi 1,2 milyon tonu ötür, özəl idxal isə əlavə olaraq 600-700 min ton təşkil edir ki, bu da daxili tələbatı ödəməyə imkan verir.

Bununla yanaşı, o etiraf edib ki, mövcud geosiyasi vəziyyət enerji təhlükəsizliyinin əhəmiyyətini artırır və yalnız ehtiyatların toplanmasını deyil, həm də daxili istehsal güclərinin genişləndirilməsini tələb edir.

Tacikistan: dizel qıtlığı artıq yanacaqdoldurma məntəqələrində hiss olunur

Tacikistan neft məhsullarının təxminən 84 faizini Rusiyadan idxal edir. 2025-ci ildə ölkə təxminən 959,3 milyon dollar dəyərində 1,21 milyon tondan çox neft məhsulu idxal edib.

2026-cı ilin iyul ayının əvvəlində yerli KİV Düşənbədə və ölkənin bir sıra bölgələrində dizel yanacağı çatışmazlığı barədə məlumat yayıb. Bəzi yanacaqdoldurma məntəqələrində satış dayandırılıb, digərlərində isə bir alıcıya maksimum 20 litr yanacaq satılması məhdudiyyəti tətbiq olunub.

Paytaxtda dizel yanacağının qiyməti litr üçün 13,9-15,5 somoni, bəzi regionlarda isə təxminən 15,6 somoniyə çatıb.

Tacikistan aviasiya yanacağının tədarükü ilə bağlı Qazaxıstan, Türkmənistan və digər potensial təchizatçılarla danışıqlara başlayıb.

"Hazırda yanacağın yerləşdiyi məntəqələr barədə məlumat toplayırıq ki, müqavilə bağlayaq və onun idxalını təşkil edək", - deyə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri Həbibullo Nazarzoda bildirib.

Onun sözlərinə görə, Tacikistanın yanacaq şirkətləri artıq təxminən bir həftədir alternativ təchizatçılar axtarır.

Qazaxıstan və Türkmənistan: regionun mümkün donorları

Qazaxıstan və Türkmənistan hələlik avtomobil yanacağı üzrə daxili qıtlıqla üzləşməyiblər.

Qazaxıstan tələbatı öz NEZ-lərinin hesabına ödəyir və 1,1 milyon tondan çox neft məhsulu ehtiyatına malikdir. Bununla belə, ölkə artıq dolayı təzyiq hiss edir - sərhədyanı bölgələrdə istehlak artır, yanacağın qeyri-rəsmi ixracı riskləri yüksəlir və qonşu ölkələrdən əlavə tədarüklə bağlı müraciətlər daxil olur.

Əhəmiyyətli neft emalı güclərinə malik olan Türkmənistan da region üçün alternativ yanacaq mənbəyi kimi nəzərdən keçirilir.

Bununla belə, hər iki ölkənin imkanları daxili tələbat, mövcud müqavilələr və logistika ilə məhdudlaşır. Buna görə də onlar Rusiyadan tədarükün azalmasını yalnız qismən kompensasiya edə bilərlər.

Hazırkı böhran Mərkəzi Asiya ölkələri üçün bir təchizatçıdan həddindən artıq asılılığın yaratdığı riskləri əyani şəkildə nümayiş etdirib. Qırğızıstan, Tacikistan və müəyyən dərəcədə Özbəkistan artıq tədarükdə fasilələr, qiymət artımı və alternativ yanacaq mənbələrinin təcili axtarışı ilə üzləşiblər.

Rusiyada yaranmış qıtlıq müvəqqəti olsa belə, onun region dövlətlərinin enerji siyasətinə yenidən baxılması prosesini sürətləndirəcəyi ehtimal olunur. Uzunmüddətli perspektivdə diversifikasiyanın ən real istiqaməti "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində nəqliyyat infrastrukturunu fəal şəkildə genişləndirən və böyük neft emalı güclərinə malik olan Çin hesab edilir.

Beləliklə, Rusiyadakı yanacaq böhranı artıq bu gün təkcə ölkənin daxili bazarına deyil, həm də Mərkəzi Asiyanın regional enerji təhlükəsizliyi sisteminə təsir göstərir. (trend)