Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir

Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir backend

Türkiyə NATO liderlərinin Ankarada keçiriləcək qarşıdakı sammitində Avropanın müdafiəsinin gücləndirilməsinə dair qəti siyasi iradənin nümayiş etdiriləcəyini gözləyir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı zamanı bildirib.

Türkiyə Prezidenti Administrasiyasının məlumatına əsasən, liderlər Ankara və Berlin arasındakı ikitərəfli əlaqələri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Almaniya ilə münasibətlərin inkişaf etdirilməsini hədəflədiyini qeyd edərək, bu istiqamətdə qarşılıqlı addımların atılmasının vacibliyini vurğulayıb.

"Türkiyə Prezidenti bildirib ki, Ankara NATO liderlərinin sammitindən alyans əsasında Avropanın öz müdafiəsinin gücləndirilməsinə və transatlantik əlaqələrin qorunmasına dair güclü iradə nümayişini gözləyir", - məlumatda bildirilir.

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayanıqlı sülhlə başa çatması üçün səy göstərir. Onun sözlərinə görə, Ankara danışıqların bərpa olunması və diplomatik prosesin aktivləşdirilməsi üzərində işləyir.

Xatırladaq ki, NATO-nun Ankaradakı sammiti 2026-cı il iyulun 7-8-də keçiriləcək.