Rusiyanın qadağası Ermənistana neçəyə başa gələcək? – Rəqəmlər

Rusiyanın qadağası Ermənistana neçəyə başa gələcək? –  Rəqəmlər backend

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünə qoyduğu məhdudiyyətlər səbəbindən Ermənistan illik hesabla 250 milyon dollardan 355 milyon dollara qədər vəsait itirə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Dmitri Trepolski "Gazeta.Ru"ya bildirib. O vurğulayıb ki, mövsümün pik ayları olan iyun-sentyabr dövründə zərər ayda 30-45 milyon dollar təşkil edə bilər.

"Yay-payız mövsümündə erməni ixracatçıların itkiləri 150-180 milyon dolları ötə bilər. Söhbət pomidor, göyərti, çəyirdəkli meyvələr, kartof, badımcan, quru meyvələr, diri balıq və digər məhsulların tədarükündən gedir. Rusiya bazarı tarixən erməni fermerləri üçün yeganə və ən gəlirli satış bazarı olub. Aktiv yay mövsümünün elə əvvəlində bu kanalın qəfildən itirilməsi yüzlərlə təsərrüfat üçün kritik vəziyyət yaradır", — deyə Trepolski qeyd edib.

Ekspertin sözlərinə görə, Rusiya bazarı Ermənistanın aqrar sektoru üçün strateji əhəmiyyət kəsb edir — Ermənistandan gələn təzə tərəvəz, çiyələk və göyərti ixracının 80%-dən 95%-ə qədəri ənənəvi olaraq Rusiyanın payına düşürdü. Ərik, şaftalı, gilas, qızılbalıq və nərə balığı seqmentində də rusiyalı alıcıdan asılılıq 85%-i ötürdü, - deyə Trepolski vurğulayıb.

Rusiyalı ekspert əmindir ki, Ermənistan bu cür böyük həcmdə məhsulu digər bazarlara tez bir zamanda yönəldə bilməyəcək. Avropa İttifaqı bazarında sərt fitosanitar tələblər, kvotalar və baha logistika maneə yaradır. İran və Türkiyə isə özləri oxşar tərəvəz və meyvələri tədarük edirlər. Ekspert Fars körfəzi ölkələrinə tədarükün hava nəqliyyatı tələb etdiyini və bunun da kütləvi məhsulları qeyri-rentabelli etdiyini bildirib.

"Nəticədə fermerlər malı daxili bazara maya dəyərindən qat-qat aşağı, nəhəng endirimlə çıxarmalı, ya da sadəcə tonlarla çürüyən məhsulu silərək məhv etməli olacaqlar. Rusiyalı alıcılar üçün isə qlobal qıtlıq yaranmayacaq. İyun və iyul aylarında, pərakəndə satış şirkətləri tədarüklərini tənzimləyərək çiyələk, tezyetişən gilas, ərik və göyərti qiymətlərində lokal bahalaşmalar ola bilər", - deyə ekspert qeyd edib.

QAZİLER.AZ