Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Parlamentinin sədri Roberta Metsolaya açıq məktub göndərərək, Danimarkanın paytaxtı Kopenhagendə mitinqin sərt şəkildə dağıdılmasına izahat verilməsini tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə siyasətçi brifinq zamanı bildirib.
Kobaxidze Avropa liderlərindən Danimarkanın paytaxtı Kopenhagendə baş verən və dinc nümayiş iştirakçılarının əvvəlcə rezin dəyənəklərlə döyüldüyü, daha sonra isə onlara qarşı itlərdən istifadə edildiyi zorakılığı necə qiymətləndirdiklərini soruşub.
Baş nazir qeyd edib ki, Avropa artıq fundamental insan hüquq və azadlıqlarının pozulması üçün etalon ola bilər. Onun sözlərinə görə, Kopenhagendəki hadisələr beynəlxalq ictimaiyyətə narahatedici bir reallığı açıq şəkildə nümayiş etdirib.
Kobaxidzenin fikrincə, uzun illər Avropa dövlətləri demokratiyanın, insan hüquqlarının, söz və ifadə azadlığının nümunələri hesab edilsə də, əks tendensiya indi daha da aydın görünür.
QAZİLER.AZ



