Həmin şəxs məhkəmədə sosial şəbəkədə sərxoş vəziyyətdə şərhlər yazdığını bildirib.
Daşkəndin Almazar Rayon Cinayət Məhkəməsi 60 yaşlı T.R.-yə qarşı inzibati işə baxıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, iş materiallarına görə, 25 apreldə kişi İnstaqramda Özbəkistan Prezidenti və onun ailə üzvləri haqqında yalan və böhtan xarakterli məlumatlar olan şərhlər yazıb.
Məhkəmə iclası zamanı T.R. günahını etiraf edib və şərhləri sərxoş vəziyyətdə yazdığını bildirib. O, həmçinin peşman olduğunu bildirib, çətin maddi və ailə vəziyyətini əsas gətirərək yüngül cəza istəyib.
Məhkəmə kişini Özbəkistan Respublikası İnzibati Məcəlləsinin 202-2-ci maddəsinin 2-ci hissəsi (İctimai qaydaya və ya təhlükəsizliyə təhdid yaradan yalan məlumatların, o cümlədən kütləvi informasiya vasitələrində, telekommunikasiya şəbəkələrində və ya İnternetdə yayılması) ilə təqsirli bilib və 8,2 milyon sum məbləğində cərimə tətbiq edib.
QAZİLER.AZ



